Çox verilen suallar

Sığorta nədir?

Sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.

Sığortalı (sığorta etdirən) kimdir?

Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi.

Sığortaçı kimdir?

Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxsdir.

Faydalanan şəxs kimdir?


Faydalanan şəxs – icbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs.

Azadolma nədir?

Azadolma – Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.

Təkrarsığorta nədir?

Təkrarsığorta – sığorta risklərini üzərinə götürən sığortaçının (sığorta şirkətinin), bu risklər üzrə məsuliyyətin bir hissəsinin digər sığortaçıya (sığorta şirkətlərinə) ötürməsi ilə müşayiət olunan risklərin bölünməsidir. Təkrarsığorta, bir sığortaçı üçün təklikdə çox böyük ola bilən riskləri, digər sığortaçı ilə paylaşaraq, bu riskləri qəbul etməyə imkan verir.

Əmlakın sığortası nə deməkdir?

 Əmlakın sığortası – sığortanın elə növüdür ki, burada sığorta obyekti qismində sığortalının istifadəsinə, sahibliyində və ya sərəncaminda olan daşınar və daşınmaz əmlak çıxış edir.

Tibbi sığorta nədir?

Tibbi sığorta – sağlamlığın mühafizəsi üzrə əhalinin maraqlarının sosial təminatı formasıdır və sığorta hadisəsi baş verdikdə sığortaçı tərəfindən toplanmış vəsait hesabına tibbi xərclərin ödənilməsini nəzərdə tutur.

Tibbi sığorta subyektləri hansılardır?

Tibbi sığorta subyektləri: vətəndaş (sığorta olunan), sığortalı, sığorta şirkəti (sığortaçı) və tibb müəssisəsidir.

Səyahət sığortası nədir?


Səyahət sığortası – xaricə gedən insanın öz həyat və sağlamlığını sığortaladığı xüsusi sığorta proqramıdır

AVTO-KASKO polisi nə deməkdir?

AVTO-KASKO – avtomobilin banının yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin, eyni zamanda hər hansı bir cisimlə toqquşmasından, təbiət hadisələrindən, yanğından, üçüncü şəxslərin qeyri-qanuni hərəkətlərindən və ya qaçırılmasından irəli gələn ziyanın sığortası deməkdir. Bu sığorta növü, üçüncü şəxslər qarşısında məsuliyyəti nəzərdə tutmur. Belə ki, məsuliyyətin risklərinə ayrıca bir sığorta növünə əsasən təminat verilir.